Əsas məzmuna keçin

Hüquq Xəbərləri

Deloitte Azərbaycan

Ən mühüm qanunvericilik dəyişiklikləri, təklifləri və hadisələri əks etdirən günlük, aylıq və rüblük xəbərlər icmalı

Artıq əlavə məzuniyyətlərə görə işçilərə kompensasiya ödəniləcək
 

Bildiyimiz kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 144-cü maddəsinin 3-cü bəndinə əsasən, əmək münasibətlərinə xitam verilərkən əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə kompensasiya verilmir.
Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 fevral 2026-cı il tarixli Qərarı (“Qərar”) ilə sözügedən müddəa Konstitusiyaya uyğun olmadığından onun tətbiqi dayandırılmışdır. Beləliklə, Qərarda müəyyən olunmuşdur ki, mövcud qeyri-bərabərliyin qarşısının alınması məqsədilə, əmək müqaviləsinə xitam verilərkən işçiyə əsas məzuniyyətlə yanaşı bütün iş illərinin istifadə etmədiyi əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə, əmək stajına görə, uşaqlı qadınların və işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərin əlavə məzuniyyətlərinə görə də kompensasiya ödənilməlidir.

Ətraflı: https://constcourt.gov.az/az/decision/1493

Sahibkarlıq sahəsində aparılan yoxlamalar 2027-ci ilədək dayandırıldı
 

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa (“Qanun”) əsasən, dövlət orqanları tərəfindən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 1 yanvar 2027-ci ilədək dayandırıldı.

Qeyd edək ki, yoxlamaların dayandırılmasına baxmayaraq qeyd edilən müddətdə vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, özəl tibb, dərman vasitələrinin, qida və yem məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarına nəzarət sahəsində yoxlamalar, habelə Qanunda nəzərdə tutulmuş digər yoxlamalar aparıla bilər.

Ətraflı: https://president.az/az/articles/view/71532

Əmək qanunvericiliyinə çoxsaylı dəyişikliklər qüvvəyə mindi
 

16 yanvar 2026-cı il tarixindən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (“Məcəllə”) edilən çoxsaylı əlavə və dəyişikliklərin xülasəsini Sizə təqdim edirik.

Məcəlləyə əlavə edilmiş yeni anlayışlar:

• Məsafədən (distant) iş - əmək funksiyasının işəgötürənin yaratdığı iş yerlərindən kənarda elektron, proqram-texniki və digər müvafiq vasitələrlə yerinə yetirilən iş hesab olunur və bu işlə əlaqədar əmək şəraitinin əlavə şərtləri tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsində müəyyən edilir.
• Ailə vəzifələri olan işçi - tibbi rəyə əsasən qulluğa və ya köməyə ehtiyacı olan ailə üzvlərinə qulluq göstərilməsinə görə əmək fəaliyyəti ilə bağlı imkanları məhdudlaşan işçilərdir. İşəgötürən tərəfindən növbəli rejim və gecə növbəsinə təyinat zamanı həmin işçilərin xüsusi, həmçinin ailə vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar ehtiyacları nəzərə alınacaq və onlara əmək münasibətlərində güzəşt və əlavə təminatların verilməsi halı ayrı-seçkilik hesab edilməyəcək.
• Ezamiyyət - işəgötürənin əmri ilə işçinin müəyyən olunmuş müddətə daimi iş yerindən başqa yerə, işəgötürənin tapşırığını yerinə yetirmək məqsədilə göndərilməsi kimi müəyyən olunur. Bundan irəli gələrək, işəgötürənin tapşırığı ilə ezamiyyətə getmək işçinin vəzifələri, ezamiyyət xərclərini almaq isə işçinin hüququ kimi əlavə edilir.
• Minimum əmək haqqı – “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Bununla da, ixtisassız əməklə məşğul olan işçilərinə əməkhaqqını minimum əməkhaqqı məbləğindən az olmayaraq ödəməlidir.

Məcəlləyə gətirilmiş yeni tənzimləmələr və əsas dəyişikliklər:

• Əmək müqaviləsi bağlanarkən təqdim edilən sənədlər - işçinin əmək və sosial hüquqları ilə bağlı təminatlarının və güzəştlərinin təmin edilməsi məqsədilə əmək münasibətləri ilə əlaqəli digər sənədlər (himayəsində olan ailə üzvlərinin sayı, əlilliyi olan şəxs olması, müharibə veteranı, məcburi köçkün statusu və s. barədə) onun tərəfindən könüllü təqdim olunur.
• Müddətli əmək müqavilənisin bağlanması - müddətli əmək müqaviləsinin bağlanılmasına yol verilən hallara təhsilalanların istehsalat təlimi və təcrübəsi keçməsi və əcnəbilərin iş icazəsi əsasında əmək fəaliyyətinə cəlb olunması əlavə edilir.
• İşçinin işdən kənar edilməsi edilməsi - işçinin işdən kənar edilməsi edilməsi hallarına (i) işçinin icbari tibbi müayinə ilə bağlı verilmiş tibbi rəydə əmək funksiyalarının yerinə yetirilməsinə əks göstərişlərin aşkar edilməsi, (ii) işçinin əməyin mühafizəsi üzrə təlimdə iştirak etməkdən və biliyinin yoxlanılmasından boyun qaçırması və (iii) əmək vəzifələrinin pozulması halının araşdırılmasına işçi tərəfindən maneçilik törətməsi halları əlavə edilmişdir. Bununla yanaşı, işçinin işdən kənarlaşdırıldığı müddət işin hallarına uyğun olaraq işəgötürən tərəfindən müəyyən edilir (məsələn, işdən kənar edilmə üçün əsas olan hal aradan qaldırılanadək).
• Əmək müqaviləsinə xitam verilməsi - əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar (qanunvericiliklə daha uzun müddət nəzərdə tutulmadığı hallarda) işçinin əmək funksiyasını yerinə yetirə bilməməsi ilə yanaşı, işçinin fərdi reabilitasiya proqramına uyğun iş şəraitinin yaradılmasının və ya yüngül işə keçirilməsinin mümkün olmaması əmək müqaviləsinə xitam verilməsi üçün əsas kimi müəyyən edilir. Eyni zamanda, Məcəllənin 75-ci maddəsində əks olunan əmək müqaviləsinə tərəflərin qarşılıqlı razılığı ilə xitam verilməsi əsası Məcəllədən çıxarılmışdır.
• Əmək vəzifələrinin kobud şəkildə pozulması - “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən konfidensial hesab edilən xüsusi kateqoriyalı fərdi məlumatların yayılması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar siyahısına əlavə edilmişdir. Burada qeyd olunmalıdır ki, həmin məlumatlara işçinin irqi və ya milli mənsubiyyətinə, ailə həyatına, dini etiqadına və əqidəsinə, səhhətinə və ya məhkumluğuna aid olan məlumatlar daxildir.
• Natamam iş vaxtı - vakant vəzifə (peşə yarandıqda) və ya əvvəl natamam iş vaxtı ilə bağlı zəruri amillər dəyişdikdə, işəgötürən natamam iş vaxtında çalışan işçinin tam iş vaxtında işləməsi üçün tədbir görməlidir və bu halda tərəflərin razılığı ilə əmək haqqının tam məbləğdə ödənişin həyata keçirilməsi ilə də mümkündür.
• Bayram günləri - Dövlət Suverenliyi Günü (sentyabrın 20-si) iş günü hesab olunan bayram günləri siyahısına daxil edilmişdir.
• Üçtərəfli komissiya - ölkədə sosial-əmək münasibətlərinin tənzimlənməsinə dəstək vermək, sosial sabitliyi qorumaq, kollektiv danışıqların aparılması və Baş kollektiv sazişin layihəsinin hazırlanması üzrə işləri əlaqələndirmək, müvafiq sahədə hüquqi aktların layihələrinin hazırlanması ilə bağlı məsləhətləşmələr aparmaq və tərəflərin mövqelərini razılaşdırmaq məqsədilə Nazirlər Kabineti, həmkarlar ittifaqlarının və işəgötürənlərin ümumrespublika (respublika) birliklərinin birgə qərarı ilə üçtərəfli komissiya yaradılacaqdır.
• İşçilərin məzuniyyətə göndərilməsi - əmək məzuniyyətinin növbəlilik cədvəli tətbiq olunduğu halda işəgötürənin əmri ilə müvafiq iş ilinin əmək məzuniyyətinə göndərilməsi mümkündür (işçi məzuniyyətinin başqa vaxta keçirilməsi barədə işəgötürənə ərizə ilə müraciət etməsi halı istisna olmaqla).
• Xüsusi xidmətləri olan işçilərin əmək məzuniyyətinin müddəti - məzuniyyət hüququ 46 təqvim günü olan xüsusi xidmətləri olan işçilərin dairəsi yenilənib.
• Pedaqoji işçilərin əmək məzuniyyəti - bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə işə girdikləri vaxtdan asılı olmayaraq əmək məzuniyyətləri məktəblərdə yay tətili dövründə və ya işəgötürənin razılığı ilə tədris ili ərzində verilir.
• Hamiləliyə və doğuşa görə məzuniyyət – məzuniyyətin doğuşdan əvvəlki hissəsinin müddəti doğuş gözlənilən gündən uşağın doğulduğu günədək ötən günlər qədər ödənişli olaraq uzadılır. Bu halda məzuniyyətin doğuşdan sonrakı hissəsi qısaldılmır. Həmçinin uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilir. Eyni zamanda, övladlığa götürmədən uşağı böyüdən qadınların sosial və əlavə məzuniyyət hüquqları tanınmır.
• Əsas və əlavə iş yerləri üzrə tənzimləmə - işçinin əsas iş yerində ezamiyyətdə olduğu müddətdə əlavə iş yerində, eləcə də əlavə iş yerində ezamiyyətdə olduğu müddətdə əsas iş yerində ödənişsiz məzuniyyətin verilməsi nəzərdə tutulur. Bununla yanaşı, əsas və əlavə iş yerində çalışan işçilərə əmək məzuniyyəti onların arzusu ilə onlar üçün əlverişli vaxtda verilir.
• Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması - məzuniyyətdə olduğu müddət ərzində işçinin sonuncu əmək haqqından az olmamaqla orta əmək haqqının saxlanılması tələbi əlavə edilmişdir. Bununla yanaşı, məzuniyyət vaxtı üçün orta əməkhaqqı hesablanarkən qismən ödənişli sosial məzuniyyətdə və ya işçinin təşəbbüsü ilə olmayan ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəblərindən işlənilməyən və ya tam işlənilməyən aylar yaxın tam işlənilən təqvim ayları ilə əvəz olunur. 12 təqvim ayından az əmək münasibətində olub məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Qeyd olunan qayda istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilərkən də tətbiq edilir.
• Məzuniyyət vaxtı üçün orta əmək haqqının ödənilməsi - əmək və ya kollektiv müqavilədə məzuniyyətə çıxan işçilər üçün orta əməkhaqqının ödənilməsi müddəti ayrıca müəyyən edilə bilər. Bu halda ödəniş, növbəti əməkhaqqının (avansın və ya qalan hissənin) verildiyi tarixdən gec olmayaraq həyata keçirilir.
• Əlavə məzuniyyətlərin əsas məzuniyyətə birləşdirilməsi - işçinin eyni vaxtda Məcəllənin əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və əmək stajına görə əlavə məzuniyyətlə bağlı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyət hüququ olduqda hər iki maddənin hər biri üzrə əldə etdiyi əlavə məzuniyyətin onun əsas məzuniyyətinə birləşdirilməsi müəyyən olunur.
• Məzuniyyət dövrünə təsadüf edən qeyri iş günləri - əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri, ümumxalq hüzn günü və səsvermə günü məzuniyyət günləri hesab edilmir və ödənilmir, lakin məzuniyyətin müddəti bu günlərin sayı qədər uzadılır. Bu halda, Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə və bu hal əmək məzuniyyəti dövrünə təsadüf etdikdə üst-üstə düşən günlər bir gün hesabı ilə nəzərə alınır.
• Yaradıcılıq məzuniyyətləri - əmək münasibətlərində olmaqla yanaşı doktoranturada (adyunkturada) müvafiq elmi dərəcə almaq üçün təhsilini davam etdirən işçilərə dissertasiya işlərini tamamlamaq üçün ödənişli yaradıcılıq məzuniyyətləri verilir. Lakin, dərsliklər və ya dərs vəsaitləri yazmaqla məşğul olan işçilərə həmin məzuniyyət işəgötürənlə razılaşdırılmaqla verilir. Eyni zamanda, yaradıcılıq məzuniyyəti müddətində işçiyə orta əmək haqqı ödənilir.
• Təhsil məzuniyyəti – imperativ norma olaraq müəyyən olunur və qeyd olunur ki, təhsil məzuniyyətlərdən təhsil proqramları ilə müəyyən edilən dövrlərdə, təhsil müəssisəsinin verdiyi arayış əsasında istifadə olunur.
• Əmək haqqının ödənilmə yeri və forması - əmək haqqının işin icra olunduğu iş yerində verilməyi ləğv olunur. Əməkhaqqı nağdsız verildikdə isə işçinin bank hesabına ödəniş alətləri vasitəsilə köçürülür. Əməkhaqqı nağd ödənildiyi halda iş yerində verilir və ya işçinin istəyi ilə göndərilmə və ya köçürülmə xərci işçidən tutulmaqla müvafiq ünvana göndərilir və ya bank hesabına köçürülür.
• Əməkhaqqının verilmə müddəti - əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əməkhaqqı iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilə bilər
• Orta əmək haqqının hesablanması - hesablanmış bir günlük əməkhaqqı qismən ödənişli sosial məzuniyyətdə və işəgötürənin təşəbbüsü ilə ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəblərindən işçinin sonuncu bir günlük əmək haqqından az olduğu halda sonuncu bir günlük əməkhaqqı tətbiq edilir.
• Qeyri-iş günü görülən işə görə əməkhaqqının ödənilməsi - istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı gündəlik tarif maaşı ilə yanaşı, həmçinin, saatlıq tarif maaşı əsasında hesablanması qanuna əlavə edilir. Əvvəlki redaksiyada ödəniş yalnız gündəlik tarif maaşı əsasında hesablanırdı.
• Əmək haqqından tutulma - islah işləri çəkərkən habelə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı tutulmaların məbləği işçiyə verilməli olan əməkhaqqının 70 faizindən çox ola bilməz.
• Hərbi xidmətlə əlaqədar müavinət və iş yerinin saxlanması - işçinin hərbi və ya alternativ xidmətə çağırılması ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə, işəgötürən tərəfindən işçiyə ödənilən müavinətin miqdarı artırılaraq, orta aylıq əmək haqqının azı üç misli miqdarında müəyyən edilmişdir. Həmçinin, işçi hərbi mükəlləfiyyəti ilə bağlı vəzifələrinin yerinə yetirilməsi üçün hərbi və təlim, yoxlama, xüsusi toplanışlarda və fəaliyyət istiqamətlərinə uyğun olaraq cəlb edildiyi digər tədbirlərdə, habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunduqda iş yeri və orta əmək haqqı saxlanılır.
• Əmək müqaviləsinin nümunəvi forması - əmək müqaviləsinin nümunəvi formasında bütün dəyişikliklərə uyğun düzəlişlər edilmişdir. Bundan əlavə, müvafiq formanın 4.25-ci bəndində əlavə iş yerində əvəzçilik üzrə iş yerinə dair nəzərdə tutulmuş məhdudiyyət olan “işəgötürənlə rəqabətdə olmayan müəssisə” ifadəsi çıxarılmışdır.
• Əcnəbilərin əmək fəaliyyəti - xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında yerinə yetirən əcnəbilərə Məcəllə şamil olunmur. Bununla da, Məcəllənin şamil edilmədiyi hallar üzrə əcnəbilərin Azərbaycan Respublikasında əmək fəaliyyəti artıq yalnız filial və nümayəndəliklərlə məhdudlaşmır və ümumilikdə Azərbaycan ərazisində əmək funksiyasını həyata keçirən bütün əcnəbiləri əhatə edir. Eyni zamanda, əcnəbilər iş icazəsi əsasında Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyətinə cəlb olunduqda həmin şəxslərlə müddətli əmək müqaviləsinin bağlanılmasına yol verilir.
• Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi - əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi həcmi və mənbəyi kollektiv müqavilədə müəyyən edilir, həm də illik xərclərin miqdarı bilavasitə məhsul istehsal edən və istehsalat sahələri olan müəssisələr üçün işçilərin əməyinin ödənilməsinə xərclənən vəsaitin məbləğinin iki faizindən, digər müəssisələr və fiziki şəxs olan işəgötürənlər üçün isə bir faizindən az olmamalıdır. Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı işçilər heç bir xərc çəkmirlər.
• Əməyin mühafizəsi üzrə işçilərin təlimi - zərərli, ağır istehsalatlardakı iş yerləri və peşələrdə, habelə yüksək təhlükə mənbəyi olan maşın, mexanizm və avadanlıqlarda işləyən işçilər əmək şəraitinin xüsusiyyətlərindən asılı olaraq üç ayda bir dəfədən, digər iş yerlərində isə ildə bir dəfədən az olmayaraq əməyin mühafizəsi üzrə təlimatlandırılmalıdırlar. İşəgötürən bu təlimatlandırmaların qeydiyyatını elektron informasiya sistemi vasitəsilə və ya qanunvericlikdə müəyyən edilmiş hallarda xüsusi jurnallarda aparmalıdır.
• Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsinin yaradılması - işçilərin sayı 50 nəfərdən az olduqda əməyin mühafizəsi işinin təşkilinin işçinin razılığı ilə və əmək müqaviləsinə müvafiq dəyişiklik edilməklə əməyin mühafizəsi üzrə biliyi olan işçilərdən birinin əmək funksiyasına daxil edilməsi, bu mümkün olmadıqda isə işəgötürən tərəfindən əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsinin təsis edilməsi müəyyən olunur.
• İşçinin müəssisənin mənfəətindən pay almaq hüququ - kollektiv müqavilədə və ya əmək müqaviləsində nəzərdə tutulduğu halda işçilər səhmdar cəmiyyətlərin və ya məhdud məsuliyyətli cəmiyyətlərin nizamnamələrində nəzərdə tutulan qaydada və məbləğdə illik maliyyə hesabatlarının nəticələrinə görə müəyyən edilən mənfəətdən pay almaq hüququna malikdirlər.
• İntizam tənbehi - məzuniyyət və ya əmək qabiliyyətini müvəqqəti itirilməsi müddəti ilə yanaşı, qanunvericiliklə iş yeri və orta əmək haqqı saxlanılan hallarda iş yerində olmadığı müddət ərzində işçiyə intizam tənbehi tətbiq edilə bilməz. Bununla yanaşı, həmin müddət intizam tənbehinin verilməsi müddətinin (aşkar edildiyi gündən bir ay) hesablanmasına da daxil edilmir.
• Sınaq müddəti - əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərtin göstərilməsi aradan qaldırılmışdır. Bununla da, əmək müqaviləsində belə şərtin göstərilməsindən asılı olmayaraq sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə həmin müddət ərzində işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər.

Ətraflı: https://president.az/az/articles/view/71321

 

İqtisadiyyata dair yeni strategiya və informasiya sistemi təsdiq edildi

1. Rəqəmsal iqtisadiyyatın inkişafına dair strategiya qəbul edildi

Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya (“Strategiya”) təsdiq edildi.

Strategiyanın əsas hədəfləri ölkədə sahibkarlıq sahəsində rəqəmsal infrastrukturun genişləndirilməsi və transformasiyanın sürətləndirilməsi, iqtisadiyyatın rəqabətliliyinin yaxşılaşdırılması, innovasiya əsaslı inkişafın təşviqi, rəqəmsal bacarıqların gücləndirilməsi, eləcə də rəqəmsal iqtisadi fəaliyyətlərin dayanıqlığının artırılmasıdır.

Strategiyanın icrası nəticəsində rəqəmsal transformasiya proqramlarında iştirak edən müəssisələrin, startapların sayının, habelə rəqəmsal bazarlara çıxış əldə etmiş kiçik və orta biznes subyektlərinin (KOB) payının artırılması məqsəd qoyulmuşdur. Strategiya çərçivəsində iqtisadiyyatın rəqəmsal infrastrukturla təmini və müəssisələrin transformasiyası, startapların inkişafı və maliyyələşmə mexanizmlərinin gücləndirilməsi kimi bir sıra prioritet istiqamətlər üzrə tədbirlər müəyyən edilmişdir.

Yüksək təsir potensialı, çoxtəsirli tətbiq imkanları və maraqlı tərəflərin ehtiyacları nəzərə alınmaqla, Strategiyanın 8 təşəbbüsü “Əsas təşəbbüslər” olaraq müəyyən edilmişdir. Əsas icraçısı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi müəyyən olunan aşağıdakı “Əsas təşəbbüslər”in təfərrüatlı layihələndirilməsi və həyata keçirilməsi üçün xüsusi işçi qrupun (qrupların) yaradılması planlaşdırılır:

• Rəqəmsal iqtisadiyyatın inkişafına dəstək proqramı - Sinqapurun “Go Digital” proqramının nümunə kimi götürülərək KOB və iri müəssisələrin rəqəmsal transformasiya prosesini dəstəklənməsi, qrantlar və güzəştli kreditlər vasitəsilə maliyyə imkanlarının genişləndirməsi;
• Yeni Nəsil Texnologiyalar Mərkəzi - Türkiyənin MEXT Rəqəmsal Bacarıqlar Mərkəzinin və Sinqapurun Digital Capability Center-nin təcrübələrinə əsaslanaraq təlim və məsləhət xidmətlərinin təqdim edilməsi;
• Yeni bizneslərin yaradılması və gücləndirilməsi - Çilinin “Start-Up Chile” proqramının model kimi qəbul edilərək startap və yeni bizneslərin formalaşdırılması, mentorluq və maliyyə dəstəyi mexanizmlərinin yaradılması;
• Rəqəmsal iqtisadiyyatda məşğulluq üçün kadrların təkmilləşdirilməsi proqramı - Sinqapurun “Tech Skills Accelerator” təşəbbüsü nümunəsinə əsaslanaraq İKT və rəqəmsal bacarıqlara malik ixtisaslı kadrların hazırlanması məqsədilə təlim və sertifikasiya proqramlarının təşkil olunması;
• İqtisadiyyat Nazirliyinin ekosistem sahələrində istifadə olunması üçün Azərbaycan dili bazasında süni intellekt modelinin hazırlanması - Qətər və Sinqapurun dövlət xidmətlərində AI texnologiyalarından istifadə təcrübəsinə əsasən Azərbaycan dilində iqtisadi fəaliyyətlər üçün süni intellekt alətlərinin yaradılması və tətbiq edilməsi;
• İqtisadi Məlumatların Analitikası Platforması - Almaniyanın milli məlumat bazası modelinə uyğun olaraq vahid analitika platformasının yaradılması;
• “Rəqəmsal Əkiz” Təşəbbüsü - Sinqapur, Belçika və BƏƏ-nin bu sahədəki təcrübəsinə əsaslanaraq iqtisadi fəaliyyət sahələrində planlaşdırma, monitorinq və idarəetməni rəqəmsal əkiz texnologiyaları ilə təkmilləşdirməsi;
• Rəqəmsal Həllər və Xidmətlər Platforması - Böyük Britaniyanın “Digital Marketplace” modelinə əsaslanan mərkəzləşdirilmiş platformanın yaradılması.

Strategiyada nəzərdə tutulan tədbirlərin dövlət büdcəsi və büdcədənkənar fondlar, Azərbaycan Biznesinin İnkişafı Fondunun vəsaiti, birbaşa xarici investisiyalar, kreditlər, qrantlar və s. mənbələrdən maliyyələşməsi nəzərdə tutulur.

Ətraflı: https://president.az/az/articles/view/70750

2. “Ərzaq təminatı xəritəsi” informasiya sistemi yaradıldı

Azərbaycan Respublikasıının Prezidentin 25 noyabr 2025-ci il tarixli Fərmanına əsasən “Ərzaq təminatı xəritəsi” informasiya sistemin (“Sistem”) yaradılması qərara alınmışdır.

Sistem ölkədə ərzaq təminatı sahəsində mövcud vəziyyətin müəyyən edilməsini, bunun əsasında qərarların qəbul edilməsi üçün etibarlı və dayanıqlı informasiyanın yaradılmasını, toplanılmasını, işlənilməsini, saxlanılmasını, axtarışını və məlumatlara əlçatanlıq səviyyəsinin artırılmasını təmin etmək məqsədi daşıyır.

Sistemin sahibi və operatoru funksiyalarını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirərək Sistemin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görəcək.

Ətraflı: https://e-qanun.az/framework/60885
 

Yeni portal və informasiya sistemi istifadəyə verilir
 

1. “Invest in Azerbaijan” informasiya sistemi yaradıldı

Azərbaycan Respubikası Prezidentinin 6 noyabr 2025-ci il tarixli Fərmanı ilə “Invest in Azerbaijan” informasiya Sistemi (“Sistem”) yaradılmış və Sistemin fəaliyyətinə dair Əsasnamə təsdiq edilmişdir. Sistemin sahibi İqtisadiyyat Nazirliyi olmaqla, AZPROMO operator funksiyalarını həyata keçirir.

Sistem bütün investisiya ilə bağlı məlumat və xidmətləri tək pəncərə prinsipi ilə fəaliyyət göstərən Azərbaycan hökumətinin yaratdığı rəqəmsal investisiya platformasıdır. Sistemin yaradılması nəticəsində investorlar investisiya fəaliyyəti ilə bağlı müraciətlərini elektron qaydada təqdim edə biləcək.

Eyni zamanda, Sistem investisiya fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan aşağıdakı məlumatları real vaxt rejimində təqdim edir:

  • vergi, gömrük, miqrasiya, əmək qanunvericiliyi, lisenziya və icazələr, tətbiq edilən vergi və rüsumlar, imtiyaz və güzəştlər;
  • investisiya layihələrinin həyata keçirilə biləcəyi prioritet sahələr; 
  • davam edən investisiya layihələri;
  • İqtisadiyyat Nazirliyi və AZPROMO tərəfindən göstərilən xidmətlər barədə məlumatların təqdim edilməsi.

Sistemdən istifadə Azərbaycan Respublikasının vətəndaşları, yaşayış icazələri olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər, sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər və hüquqi şəxslər üçün nəzərdə tutulur.

Ətraflı: https://e-qanun.az/framework/60790

2. “Yüksəkixtisaslı miqrant” portalı haqqında Əsasnamə təsdiq edildi

Nazirlər Kabinetinin 30 oktyabr 2025-ci il tarixli 323 nömrəli Qərarı ilə “Yüksəkixtisaslı miqrant” portalı (“Portal”) haqqında Əsasnamə” (“Əsasnamə”) təsdiq edilmişdir.

“Yüksəkixtisaslı miqrant” konsepti Miqrasiya Məcəlləsinə edilmiş 29 dekabr 2024-cü il tarixli dəyişikliklər əsasında yüksəkixtisaslı mütəxəssislərin Azərbaycan Respublikasında ödənişli əmək fəaliyyətinə cəlb olunmalarını genişləndirmək məqsədilə daxil edilmişdir.

Əsasnaməyə uyğun olaraq Portal yüksəkixtisaslı miqrantların müraciətlərinin elektron qaydada qəbulu və onların cavablandırılmasını təmin edir. Eyni zamanda, Azərbaycan Respublikasında vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş hüquqi (xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı daxil olmaqla) və fiziki şəxslərin sorğusu əsasında onların yüksəkixtisaslı miqrantlarla əlaqələndirilməsini təmin edir. Qeyd olunan xidmətlərdən yararlanmaq üçün işəgötürənlər elektron eyniləşdirmə vasitələrindən istifadə etməklə Portalda qeydiyyatdan keçərək elektron kabinet yaratmalı və həmin elektron kabinetdə müvafiq funksiyanı seçməlidirlər.

Ətraflı: https://e-qanun.az/framework/58696

 

Bir sıra qanunlarda dəyişikliklər edilmişdir.

 

1. Kazino oyunlarının təşkili və keçirilməsi ilə bağlı qanunvericiliyə yeniliklər gətirildi

8 iyul 2025-ci il tarixli Qanunla (“Qanun”) kazino oyunlarının təşkili və keçirilməsi ilə bağlı bir sıra qanunvericilik aktlarına əlavələr edilmişdir.

Belə ki, Qanuna əsasən, kazino oyunları dedikdə rulet çarxı, kart, oyun masaları, zər və oxşar oyun avadanlığı, habelə slot oyun avtomatları vasitəsilə pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar başa düşülür.

Müvafiq lisenziyaya malik, həmçinin vətəndaş qüsursuzluğu tələblərinə cavab verən hüquqi şəxslər Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yaradılmış süni torpaq sahələrində Dövlət Turizm Agentliyinin nəzarəti ilə kazino oyunları təşkil edə və həyata keçirə bilərlər. Oyunların təşkilatçısı bu fəaliyyəti yalnız özü deyil, mülki hüquqi müqavilələr əsasında nəzarət orqanının rəyini nəzərə almaq şərti ilə hüquqi şəxs (kazino oyunlarının operatoru) cəlb edərək də həyata keçirə bilər.

“Dövlət rüsumu haqqında” Qanuna edilmiş əlavələrə uyğun olaraq oyunların keçirilməsinə görə 340000 manat (lisenziyanın qüvvədə olduğu müddətdə hər il əlavə 340000 manat olaraq) məbləğində dövlət rüsumu müəyyən edilmişdir.

Ətraflı: https://e-qanun.az/framework/60273

2. “e-mühasibat” informasiya sistemi haqqında Əsasnamə təsdiq edildi

Nazirlər Kabinetinin 2025-ci il 11 sentyabr tarixli 262 nömrəli Qərarı ilə “e-mühasibat” informasiya sistemi haqqında Əsasnamə (“Əsasnamə”) təsdiq edilmişdir.

Əsasnaməyə uyğun olaraq sistem kommersiya, qeyri-hökumət, büdcə təşkilatları və publik hüquqi şəxsləri tərəfindən təqdim edilməli olan maliyyə hesabatlarının elektron qaydada təqdim edilməsini, beynəlxalq standartların Azərbaycan dilində dərc olunan mətnlərinin, əlaqəli hüquqi aktlara keçidlərin, mühasibat uçotunun aparılmasını təmin edən proqram təminatlarının yerləşdirilməsini təmin edir.

Bunlarla yanaşı, Əsasnamə ilə büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları tərəfindən illik və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə dərc edilməsi barədə məlumatların, habelə məcburi audit subyektləri tərəfindən maliyyə hesabatlarının məcburi auditini keçirməsi barədə auditor rəyinin də elektron qaydada göndərilməsi müəyyən edilmişdir.

Sistem “bir pəncərə” prinsipi ilə digər dövlət informasiya sistemləri ilə inteqrasiya olunaraq məlumat mübadiləsi aparacaq.

Ətraflı: https://nk.gov.az/uploads/doc/docs/68c3bef646065.pdf
 

Rəqəmsal sahədə islahatlar həyata keçirilir
 

1. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə yeni vəzifələr həvalə edildi

12 avqust 2025-ci il tarixli Fərman ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsinə (“Agentlik”) edilmiş dəyişikliyə əsasən, Agentliyə aşağıdakı məzmunda yeni vəzifələr həvalə edilmişdir:

• Agentlik kağız daşıyıcıda olan məlumatların rəqəmsal formata keçirilməsi və dövlət orqanlarında kağızdan istifadənin minimallaşdırılması yolu ilə “Kağızsız hökumət”ə keçidi və “elektron hökumət”in inkişafını təmin edəcək və bu sahədə təkliflər verəcək;
• dövlət orqanları arasında informasiya mübadiləsinin, habelə elektron xidmətlərin göstərilməsinin təşkilində iştirak edəcək və əhalinin bu sahədə maarifləndirilməsi ilə bağlı tədbirlər həyata keçirəcək;
• vətəndaşların təkliflərini toplayaraq təhlil edəcək və aidiyyəti qurumlara göndərəcək.

Sözügedən Fərmanla ölkə üzrə rəqəmsal inkişaf vahid arxitektura əsasında qurulması və bu proseslərə nəzarət edilməsi planlaşdırılır.

Həmçinin “biliklərə əsaslanan iqtisadiyyat” konseptinə uyğun olaraq sosial-iqtisadi fəaliyyətin - e-ticarət, telesəhiyyə, teleiş kimi fəaliyyət formalarının inkişafına dəstək veriləcək, ölkə kodlu domen adlarının beynəlxalq normalara uyğun tənzimlənməsi Agentlik tərəfindən təmin ediləcək.

Ətraflı: https://e-qanun.az/framework/60356

2. “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi yaradıldı

25 avqust 2025-ci il tarixli Fərman ilə “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi (“Sistem”) yaradılmışdır. Sistemin məqsədi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin (“Nazirlik”) fəaliyyət istiqamətlərinə aid sahələrin, o cümlədən büdcə, vergi, gömrük, dövlət rüsumu, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər üzrə dividend və digər büdcə daxilolmalarının və maliyyə öhdəliklərinin səmərəli idarə edilməsidir.

Sistemin yaradılması nəticəsində qeyd olunan sahələrdə islahatlar aparılması və rəqəmsal texnologiyalar və innovasiyalar tətbiq edilməklə səmərəli icra və nəzarət mexanizminin yaradılması planlaşdırılır.

Müvafiq Fərmanla həmçinin Nazirliyə Sistemin fəaliyyətinin səmərəli təşkil olunması üçün bir sıra vəzifələr həvalə edilmişdir. Belə ki, Nazirlik üç ay müddətində dövlət vəsaiti hesabına mal, iş və xidmətlərin satın alınmasının elektron müqavilələr əsasında həyata keçirilməsini təmin etmək üçün təkliflərini hazırlayıb Prezidentə təqdim etməlidir. Beləliklə, dövlət vasaiti hesabına bağlanılan satınalma müqavilələri elektron formada bağlanılaraq Sistemə inteqrasiya olunacaqdır.

Ətraflı: https://president.az/az/articles/view/69957
 

“Xüsusi icra məmurları haqqında” Qanun təsdiq edildi
 

Azərbaycan Respublikası Prezidentinin 13 avqust 2025-ci il tarixli Fərmanı ilə “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunu (“Qanun”) təsdiq edilmişdir.

Qanunvericiliyə yeni gətirilən anlayışa əsasən, xüsusi icra məmuru, məhkəmələrin və icrası icra məmurlarına həvalə edilmiş digər orqanların sənədlərinin icrasını həyata keçirmək üçün xüsusi icra məmuru şəhadətnaməsi almış fiziki şəxs sayılır.

Qanunda təsbit olunmuş işlər (cinayət, inzibati xətalar haqqında işlər və s.) istisna olmaqla, xüsusi icra məmurları bütün icra sənədlərinin icrasını həyata keçirə bilərlər. Sənədlərin icrasına dair icra məmurunun haqqı standart haqq və əlavə icra haqqından ibarətdir. Standart və icra haqqının hesablanması meyarları və hədləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunacaqdır.

Qeyd edək ki, xüsusi icra məmurunun qəbul etdiyi qərarlar hüquqi qüvvəsinə görə dövlət icra məmurunun qəbul etdiyi qərarlara bərabər sayılacaqdır.

Ətraflı: https://president.az/az/articles/view/69667
 

Bir sıra qanunlarda və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilmişdir.


1. Şübhəli əməliyyatların monitorinqi informasiya sistemi haqqında Əsasnamə təsdiq edildi


Prezidentin 11 iyul 2025-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin (“Xidmət”) tərkibində “Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi (“Sistem”) yaradılmış və Sistemin Əsasnaməsi təsdiq edilmişdir.

Əsasnaməyə uyğun olaraq, Sistemin formalaşdırılmasının məqsədi cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Xidmət tərəfindən məlumatların əldə edilməsindən, qurumlararası məlumat (sənəd) mübadiləsinin avtomatlaşdırılmasından və sürətləndirilməsindən ibarətdir.

Sistemin istifadəçiləri nəzarət orqanları, auditor xidmətini göstərən şəxslər, habelə öhdəlik daşıyan şəxslər, yəni, kredit, sığorta, ödəniş və elektron pul təşkilatları, investisiya şirkətləri və fondları, lombard, maliyyə lizinqi və valyuta mübadiləsi xidmətlərini həyata keçirən şəxslər, həmçinin qeyri-maliyyə institutları olan rieltorlar, kazino oyunlarının təşkilatçıları (operatorları) və belə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasındakı filial və nümayəndəlikləridir.

Qeyd edək ki, dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olmayan qurumların və digər hüquqi şəxslərin Sistemdən istifadəsi onların elektron kabinetləri vasitəsilə təmin edilir. Bu halda onların məsul şəxsləri Vahid Giriş Sistemi vasitəsilə identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetlərinə daxil olaraq Sistemdən istifadə edirlər.

Ətraflı: https://president.az/az/articles/view/69366

2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna dəyişiklik və əlavələr edildi


“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna (“Qanun”) edilmiş son dəyişikliklərə əsasən:

i. hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis
sənədlərində edilmiş dəyişikliklər və ya qeydə alınan faktlarla bağlı
dəyişikliklər baş verdiyi andan 15 iş günü ərzində Dövlət Vergi
Xidmətində qeydiyyata alınmalıdır. Daha öncə bu müddət 40 iş günü təşkil
edirdi;
ii. hüquqi şəxsin iflas prosesində olması ilə bağlı məlumatın qeydiyyata alınması üçün 15 iş günündən gec olmayaraq Dövlət Vergi Xidmətinə müraciət edilməlidir. Həmin müddət müvafiq qərarın qəbul olunduğu tarixdən, müvafiq ərizənin məhkəmə tərəfindən qəbul edildiyi tarixdən və ya müflis elan olunma haqqında məhkəmə qərarının qüvvəyə minməsi tarixindən hesablanır;
iii. hüquqi şəxs müflis olma nəticəsində ləğv edildikdə, əmlak inzibatçısı qurumun ləğvi barədə məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra 10 iş günü müddətində Dövlət Vergi Xidmətinə müvafiq sənədləri təqdim etməlidir.

Ətraflı: https://president.az/az/articles/view/69424

3. İnzibati Xətalar Məcəlləsinə bir sıra dəyişikliklər edildi

İnzibati Xətalar Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən:

i. inzibati tənbeh haqqında elektron qərar və inzibati xəta haqqında iş üzrə nömrələnmiş blanklarda tərtib edilmiş qərar 24 saat ərzində barəsində inzibati tənbeh tətbiq edilən şəxsin elektron kabinetinə yerləşdirilməzsə, həmin şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər barəsində tərtib edilmiş elektron sənədlər isə onların mobil telefon nömrəsinə bu barədə SMS məlumatı göndərilməklə həyata keçirilir;
ii. şəxs barəsində inzibati cərimə tətbiq edilməsinə dair qərar qanuni qüvvəyə mindiyi gündən 10 gün müddətinə cərimə ödənilərsə, həmin şəxs cərimənin 10 faizindən azad olunacaqdır;
iii. cərimələrin ödənilməsinə dair məlumatların təhlili və həmin məlumatların düzgünlüyü üzrə nəzarətin həyata keçirilməsi məqsədilə “İCMAL” informasiya sistemi yaradılmışdır. Müvafiq sistemə inzibati xəta haqqında sənədlərin izlənilməsi üçün həmin sənədlər barədə məlumatlar ötürüləcəkdir.

Ətraflı: https://president.az/az/articles/view/69419

 

Bir sıra Qanunlarda və Nazirlər Kabinetinin Qərarlarında dəyişiklik edildi 
 

i. Benefisiar mülkiyyətçilərə dair məlumatların təqdim edilməsi üzrə tələblər müəyyən edildi


Azərbaycan Respublikasının bir sıra qanunlarında edilmiş dəyişikliklərə əsasən, qanunvericiliyə “benefisiar mülkiyyətçi”-nin anlayışı əlavə olunmuş, hüquqi şəxslərin benefisiar mülkiyyətçiləri barədə məlumatlarının təqdim edilməsinə dair tələblər və mərhələlər müəyyən edilmişdir.
Qanunda benefisiar mülkiyyətçi son nəticədə yerli və ya xarici hüquqi şəxsə nəzarəti həyata keçirən və ya onun əsl sahibi olan və (və ya) xeyrinə əməliyyat aparılan və (və ya) əqdlər bağlanılan, habelə son nəticədə hüquqi şəxs üzərində effektiv nəzarəti həyata keçirən fiziki şəxs kimi müəyyən olunur və aşağıdakı şəxslər hüquqi şəxsin benefisiar mülkiyyətçisi hesab edilir:
• son nəticədə hüquqi şəxsin nizamnamə kapitalının, habelə səsvermə hüququnun 10 (on) və ya daha çox faizini təşkil edən, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla malik olan fiziki şəxs(lər);
• yuxarıdakı meyarlara əsasən benefisiar şəxs müəyyən edilmədikdə və ya onların benefisiar mülkiyyətçi olmasına dair şübhə olduğu halda, başqa formada nəzarəti həyata keçirən fiziki şəxs(lər);
• hər hansı formada nəzarəti həyata keçirən şəxs müəyyən olunmadıqda – hüquqi şəxsə rəhbərlik edən fiziki şəxs(lər).
Bununla yanaşı qanuna edilmiş əlavəyə əsasən aşağıdakı şəxslər xarici hüquqi təsisatın benefisiar mülkiyyətçisi hesab olunur:
• trastın strukturunda təsisçi, trast idarəçisi, trast təminatçısı (olduğu halda), benefisiar və ya benefisiarlar qrupu, trast üzərində effektiv nəzarəti həyata keçirən hər hansı digər fiziki şəxs (nəzarət və (və ya) mülkiyyət zənciri də daxil olmaqla);
• digər növ xarici hüquqi təsisatlarda, yuxarıda sadalanan şəxslərlə eyni və ya oxşar hüquqlara malik şəxslər.
15 may 2025-ci il tarixədək dövlət qeydiyyatından keçmiş hüquqi şəxslər, habelə xarici hüquqi şəxslərin nümayəndəlik və filialları öz benefisiar mülkiyyətçilərinə dair məlumatları və sənədləri aşağıdakı müddətlərdə hüquqi şəxslərin dövlət reyestrinə təqdim etməlidirlər:
i. iri sahibkarlıq subyektləri - 31 dekabr 2025-ci il tarixinədək;
ii. orta sahibkarlıq subyektləri - 30 iyun 2026-cı il tarixinədək;
iii. kiçik sahibkarlıq subyektləri - 31 dekabr 2026-cı il tarixinədək;
iv. mikro sahibkarlıq subyektləri - 31 dekabr 2027-ci il tarixinədək.
Sözügedən məlumatlara benefisiar mülkiyyətçinin soyadı, adı, atasının adı, doğum tarixi, vətəndaşlığı, yaşayış yeri, onun siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxs olub-olmaması barədə məlumatlar daxildir.
15 may 2025-ci il tarixindən sonra qeydiyyatdan keçən hüquqi şəxslərdən isə müvafiq məlumatlar hüquqi şəxsin qeydiyyatı zamanı təqdim edilən ərizə ilə birgə tələb ediləcəkdir.
Benefisiar mülkiyyətçiyə dair məlumatlar dövlət orqanına təqdim edildikdən sonra həmin orqan tərəfindən maliyyə monitorinqi orqanına yönləndirilir və maliyyə monitorinq orqanı aidiyyəti qurumlara sorğu verməklə, açıq mənbələrdən araşdırma aparmaqla və mövcud məlumatlardan istifadə etməklə müraciətin yoxlanılmasını təmin edir.
Edilmiş növbəti dəyişikliyə əsasən, benefisiar mülkiyyətçi barədə məlumatlar kommersiya sirri hesab olunur. “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, kommersiya sirri olan məlumatlar həmin məlumatın sahibi olan hüquqi şəxsin razılığı olmadan açıqlana bilməz.
Benefisiar mülkiyyətçilərlə bağlı olan tələblərin pozulmasına 3000 manatadək inzibati qaydada cərimə tətbiq oluna bilər.
Ətraflı: https://president.az/az/articles/view/68807

ii. Yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılması və istismarına dair əlavə şərtlər müəyyən edildi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin (“NK”) 20 may 2025-ci il tarixli Qərarı ilə “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər”də yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılması və istismarına lisenziya verilməsi üçün tələb olunan əlavə şərtlər müəyyən edilmişdir.
Ətraflı: https://nk.gov.az/az/senedler/qerarlar/azerbaycan-respublikasi-nazirler-kabinetinin-2002-8843

iii. Mərkəzi Bank tərəfindən bank hesablarının açılması qaydalarına əlavələr edildi

“Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin (“Mərkəzi Bank”) Qərarına əsasən, artıq elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası ilə bağlı, həmçinin bununla bağlı olmayan digər ödəniş xidmətlərinin göstərilməsi üçün xüsusi cari bank hesabları açıla bilər.
Həmçinin bir təqvim ayı ərzində 1000 manatdan artıq mədaxil əməliyyatının aparılması üçün müvafiq hesabın açılması gücləndirilmiş elektron imza və video zəng ilə həyata keçirilməlidir. Mərkəzi Bank müvafiq hesabların açılmasını riskli hesab edərsə, video çəkiliş üsulunu video zəng ilə əvəz edə bilər.
Ətraflı: https://e-qanun.az/framework/59427

iv. Təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrinin aparılması Qaydası təsdiq edildi

“Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təhlükə potensiallı obyektlər vahid dövlət reyestrində qeydiyyata alınmalıdır.
Həmin Qanunun icrası məqsədilə NK-nın 21 may 2025-ci il tarixli qərarına uyğun olaraq “Təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrinin aparılması Qaydası” (“Qayda”) təsdiq edilmişdir.
Qaydaya əsasən, obyektlərin vahid dövlət reyestrində qeydiyyatdan keçirilməsi və reyestrinin aparılması Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi (“Agentlik”) tərəfindən həyata keçirilir. Obyekti istismar edən şəxslər aşağıdakı sənədlərlə ərizə ilə müraciət edirlər:
i. obyekt barədə məlumat vərəqi;
ii. istismara qəbul aktının surəti;
iii. istismar olunan qurğu və avadanlıqların pasportlarının surəti;
iv. texniki təhlükəsizlik üzrə müsbət ekspertiza rəyinin surəti;
v. işçilərin ixtisaslaşma və texniki təhlükəsizlik tələblərinə uyğunluğu barədə sənədin surəti;
vi. hüquqi şəxsin dövlət reyestrindən çıxarışın və ya fiziki şəxsin VÖEN-nin surəti.
Qeydiyyatdan keçirilən obyektlərə Agentlik tərəfindən 5 (beş) il müddətinə “Təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə çıxarış” verilir.
Ətraflı: https://nk.gov.az/az/senedler/qerarlar/tehluke-potensialli-obyektlerin-vahid-dovlet-reyes-8848

 

Dövlət orqanlarında qulluq edən şəxslərin əmək kitabçalarının forması və doldurulma qaydaları təsdiq edildi.

 

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (“Məcəllə”) edilmiş son dəyişikliklərə əsasən, əmək müqaviləsi elektron sənəd formasında bağlanır və bu zaman işçi tərəfindən əmək kitabçasının təqdim edilməsi tələbi aradan qaldırılır. Lakin Məcəllənin 7.2-1-ci maddəsinə uyğun olaraq dövlət orqanlarının bir sıra vəzifələrinə qəbul edilən işçilərlə (prokurorluq, ədliyyə, daxili işlər və s.) əmək müqavilələri kağız üzərində yazılı formada bağlanmağa davam edir və həmin şəxslərin əmək münasibətləri əmək kitabçası təqdim edilməklə rəsmiləşdirilir.

Bunu nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2025-ci il tarixli Qərarı ilə sözügedən şəxslərlə əmək müqavilələrinin rəsmiləşdirilməsinə dair “İşçilərin əmək kitabçasının forması və onun doldurulması Qaydaları” (“Qaydalar”) təsdiq edilmişdir.

Bununla da, Qaydalar ümumi əmək bazarına deyil, yalnız müəyyən dövlət orqanlarında çalışan işçilərə şamil olunur və həmin kateqoriyalara daxil olmayan əmək münasibətləri əmək kitabçası tələbi olmadan rəsmiləşdirilməyə davam edəcəkdir.
Daha ətraflı məlumat üçün: https://nk.gov.az/az/senedler/qerarlar/iscilerin-emek-kitabcasinin-formasi-ve-onun-doldur-8831

 

"Lisenziyalar və icazələr haqqında” Qanuna dəyişiklik edildi


18 mart 2025-ci il tarixində “Lisenziyalar və icazələr haqqında” Qanuna edilən dəyişiklikdə işğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, xammal və materialların idxalı üçün təsdiqedici sənədin verilməsi öz əksini tapır. Dəyişiklikdən əvvəl bu cür icazənin verilməsi yalnız sənaye, texnologiyalar parklarının rezidenti, idarəedici təşkilatı və operatoru və investisiya təşviqi sənədi almış şəxslər üçün nəzərdə tutulurdu.

Sözügedən dəyişiklik 1 yanvar 2023-cü il tarixindən tətbiq edilməklə 2033-cü il yanvarın 1-dək qüvvədədir.

Ətraflı: https://president.az/az/articles/view/68608
 

Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin tətbiq edilməsi ilə bağlı Nazirlər Kabineti tərəfindən bir sıra qərarlar təsdiq edilmişdir
 

i. Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin tələblərinin tətbiq edilmədiyi və ya məhdud tətbiq edildiyi hallar, fəaliyyət sahələri və məhsullar barədə Qərar

Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi (“Məcəllə”) Azərbaycan Respublikasının iqtisadiyyatının bütün sahələrində rəqabətə təsir edən münasibətləri tənzimləməklə azad və sağlam rəqabətin həyata keçirilməsini təmin edir. Bununla belə, qanunvericilikdə elə hallar mövcuddur ki, Məcəllənin tələbləri tətbiq edilməyə və ya məhdud tətbiq edilə bilər.

Müvafiq Qərara əsasən, fövqəladə vəziyyət və hərbi vəziyyət elan edildikdə Məcəllənin tələbləri:

• sərnişin və yük daşımalarının həyata keçirilməsi, hüquqi şəxs yaratmadan kənd təsərrüfatı məhsullarının istehsalı və satışı ilə məşğul olan fiziki şəxslərin, ailə kəndli təsərrüfatlarının istehsal və digər təsərrüfat fəaliyyətinə və s. sahələrdə tətbiq edilmir;
• elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə, “yaşıl” texnologiyaların tətbiqi sahələri, idxalı və satışı əlavə dəyər vergisindən azad edilən mal və məhsulların idxalı və satışı, “Startap” şəhadətnaməsi almış təsərrüfat subyektlərinin həmin startap fəaliyyəti, dövlət büdcəsinin vəsaiti hesabına müdafiə və ya təhlükəsizlik ehtiyacları üçün alınan məhsullar subyektlərinin fəaliyyətinə isə məhdud şəkildə tətbiq edilir.

Ətraflı: https://nk.gov.az/az/senedler/qerarlar/azerbaycan-respublikasi-reqabet-mecellesinin-teleb-8691

ii. Sazişlərin Rəqabət Məcəlləsində qeyd olunan şərtlərə cavab verməsinə, həmçinin texnologiyanın transferti, bazarın tədqiqi və inkişafı ilə əlaqəli sazişlərin istisna edilməsinə dair Meyarlar

Məcəllədə yeni olan “İstisna edilmiş sazişlər” konsepsiyası öz əksini tapır. Belə ki, müəyyən olunmuş meyarlara cavab verən (i) texnologiyanın transferti, (ii) bazarın tədqiqi və inkişafı ilə əlaqəli olan; (iii) habelə istehlakçılara verdiyi fayda rəqabətin məhdudlaşdırılmasının mənfi təsirlərindən üstün olan sazişlər “İstisna edilmiş sazişlər” hesab olunaraq rəqabət orqanı tərəfindən qadağadan azad edilir.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, texnologiyanın transferti və bazarın tədqiqi və inkişafı ilə əlaqəli sazişlər müvafiq sənəddə olan bütün meyarlara cavab verdikdə istisna edilə bilər. İstehlakçılara verdiyi fayda rəqabətin məhdudlaşdırılmasının mənfi təsirlərindən üstün olan sazişlər və uyğunlaşdırılmış hərəkətlər isə aşağıdakı meyarlardan ən azı üçünə cavab verdikdə istisna edilir:

• saziş nəticəsində bir il ərzində bazarda məhsul istehsalının 30 faiz artması, bazara aid olmayan yeni məhsulun istehsalının mümkün olması; məhsul sərhədində ən azı bir il ərzində investisiyaların əvvəlki il ilə müqayisədə 20 faiz artması; məhsul nəticəsində əhəmiyyətli nouhaunun yaranması;
• bir təsərrüfat subyektinin yalnız saziş iştirakçısı olmaqla bazarda fəaliyyət göstərməsinin mümkün olması;
• məhsulun saziş olmadan istehsalının və ya istifadəsinin dövlət təhlükəsizliyi, istehlakçıların sağlamlığı, ictimai asayiş və sosial öhdəliklərə zərər vurma ehtimalının olması;
• məhsulun saziş olmadan istehsalının və ya istifadəsinin qeyri-effektiv nəticələrə səbəb olması.

Sazişlərin istisna edilib-edilməməsi rəqabət orqanı tərəfindən işin hallarına uyğun olaraq hazırkı Meyarlara əsasən müəyyən edilir.

Ətraflı: https://nk.gov.az/az/senedler/qerarlar/sazislerin-azerbaycan-respublikasi-reqabet-mecelle-8695

iii. Sazişlərin rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olması və ya ola bilməsinə dair meyarlar

Rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olan və ya ola bilən üfüqi və şaquli sazişlər Məcəllə ilə qadağan edilir. Bununla bağlı rəqabət orqanı müvafiq sazişin rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olması və ya olma ehtimalı ilə bağlı araşdırma aparır. Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, üfüqi sazişlər aşağıdakı meyarlardan ən azı ikisinə cavab verdikdə rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olan və ya ola bilən hesab edilir:

• azı 90-180 gün ərzində saziş iştirakçısı olmayan subyektlərin birgə bazar paylarının azı 35 % azalması və saziş iştirakçıların payının artması;
• azı 90-180 gün ərzində müvafiq bazarda saziş iştirakçısı olmayan təsərrüfat subyektlərindən 20% və ya daha çoxunun bazardan çıxması və müvafiq bazarda təmərküzləşmə səviyyəsinin yüksəlməsi;
• azı 120-365 gün ərzində istehlakçıların əleyhinə məqsədli və mütəmadi qiymət artımları;
• azı 120-365 gün ərzində müvafiq bazarda məhsul çeşidlərinin 20% və ya daha çox azalması;
• azı 120-365 gün ərzində dövlət satınalmaları, hərrac və digər müsabiqələrdə məqsədli və mütəmadi olaraq növbəli iştirakın müşahidə edilməsi və s.

Şaquli sazişlər isə aşağıdakı meyarlardan ən azı ikisinə cavab verdikdə rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olan və ya ola bilən hesab edilir:

• satış həyata keçdikdən sonra internet üzərindən təkrar satışın və ya satış miqdarının məhdudlaşdırılması;
• şaquli olaraq əlaqəli bazarlarda fəaliyyət göstərən təsərrüfat subyektlərinin satış məhsulunun qiyməti ilə alış məhsulunun qiyməti arasında fərqi azaltması və bazara giriş maneləri yaratması vəziyyətinin 120-365 gün ərzində həyata keçirilməsi;
• satıcı tərəfindən müəyyən edilmiş müştəri qrupları xaricində müştərilərə satış edənlərə olunan endirimlərin məhdudlaşdırılması və ya tədarükün dayandırılması;
• bazar, müştəri qrupları, xammal mənbələri və ərazilərin bölüşdürülməsi;
• satıcı tərəfindən alıcının başqa satıcılardan məhsul almasının məhdudlaşdırılması və ya mükafatların, endirimlərin və kampaniyaların tətbiq edilməsinin belə nəticəyə səbəb olması.

Ətraflı: https://nk.gov.az/az/senedler/qerarlar/sazislerin-reqabeti-mehdudlasdiran-neticelere-sebe-8694

iv. Məcəlləyə uyğun olaraq maliyyə sanksiyalarının hesablanması və tətbiqi Meyarları və Qaydaları

Məcəlləyə əsasən bazar subyektləri, onların vəzifəli (məsul) şəxsləri rəqabət qanunvericiliyinin pozulmasına görə qanunda müəyyən edilmiş hallarda məsuliyyət daşıyırlar. Məcəllədə həmin məsuliyyət tədbirlərinə hər bir hal üçün işin xüsusiyyətinə uyğun olaraq tətbiq olunan maliyyə sanksiyaları müəyyən edilir. Bununla bağlı, maliyyə sanksiyalarının hesablanması və tətbiqi Meyarları və Qaydalarında müxtəlif hallar üçün cərimə faizlərinin yuxarı hədləri, sanksiyaları yüngülləşdirən amillər olduğu halda azaldılma faizləri və ağırlaşdırıcı amillər tətbiq edildikdə hesablanma qaydası ətraflı şəkildə müəyyən edilmişdir.

Əlavə olaraq, bazar subyektlərinin rəqabət qanunvericiliyinin pozulması hallarında birbaşa iştirak edən vəzifəli şəxslərinə tətbiq olunan maliyyə sanksiyası da təsdiq olunur.

Ətraflı: https://nk.gov.az/az/senedler/qerarlar/azerbaycan-respublikasinin-reqabet-mecellesine-uyg-8696

v. Müvafiq bazarda bazar paylarının hesablanması, müvafiq bazarın məhsul və coğrafi sərhədlərinin, həcminin, strukturunun və iştirakçılarının müəyyən edilməsi Qaydası

Məcəllədə müvafiq bazarın anlayışı verilərək, həmin bazarda bazar paylarının hesablanması, müvafiq bazarın məhsul və coğrafi sərhədlərinin, həcminin, strukturunun və iştirakçılarının müəyyən edilməsi qaydasının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Məcəllənin bu tələbinə uyğun olaraq müvafiq bazarda aşağıdakı məsələləri müəyyən edən və tənzimləyən Qayda qəbul edilib:

- məhsul sərhədləri;
- coğrafi sərhədlər;
- iştirakçılar;
- bazarın həcmi;
- bazar paylarının hesablanması; və
- bazarın strukturu.

Məhsul sərhədlərinin təyin edilməsi

Məhsul sərhədlərinin təyin edilməsində üstün üsul kimi tələb əvəzediciliyi üsulundan istifadə edilir. Bu üsulla ilk növbədə ilkin araşdırma predmeti olan məhsulun müştəri nöqteyi-nəzərindən faydası, qiyməti, təyinatı və digər xüsusiyyətləri baxımından əvəzedicisi hesab edilən məhsullar müəyyən edilir.

Məhsullar arasında tələb əvəzediciliyi aydın müşahidə edilə bilmədiyi, habelə bazarın məhsul sərhədləri dəqiq müəyyənləşdirilə bilmədiyi hallarda tələb əvəzediciliyinin baş verib-vermədiyi tələbin çarpaz qiymət elastikliyi ilə ölçülür. Qaydada çarpaz qiymət elastikliyi düsturu müəyyən edilmişdir.

Yalnız tələb əvəzediciliyi üsuluna əsasən qiymətləndirmə aparmaq mümkün olmadıqda, təklif əvəzediciliyi üsulundan istifadə edilə bilər.

Coğrafi sərhədlərin müəyyən edilməsi

Müvafiq bazarın coğrafi sərhədləri (“Müvafiq coğrafi bazar”) müəyyən edilərkən ilk növbədə məhsulun istehsalının və ya satışının həyata keçirildiyi ilkin təhlil predmeti olan coğrafi əraziyə yaxın yerləşən və müştərilər üçün əlçatan olan digər coğrafi ərazilər müəyyən edilir.

Məhsulun həm istehsal, həm də satışının yalnız müəyyən bir coğrafi ərazidə həyata keçirildiyi hallarda həmin coğrafi ərazi Müvafiq coğrafi bazarı təşkil edir.

Qaydada həmçinin müvafiq bazarın iştirakçılarının və bazarın həcminin müəyyən edilməsi, bazar paylarının hesablanması və bazarın strukturunun müəyyən edilməsi qaydası tənzimlənir.

Ətraflı: https://nk.gov.az/az/senedler/qerarlar/muvafiq-bazarda-bazar-paylarinin-hesablanmasi-muva-8693

vi. Məcəllənin icrası ilə bağlı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununa (“Qanun”) əlavələr edilmişdir.

Sözügedən əlavələrə uyğun olaraq Məcəllənin 43–45-ci maddələrinə (rəqabət orqanının apardığı araşdırmalar, bazarın monitorinqi və məlumatların təhlili) əsasən həyata keçirilən nəzarət tədbirləri və rəqabət komissiyası tərəfindən rəqabət qanunvericiliyinin pozulması haqqında işlərə baxılması yoxlama tədbiri hesab edilmir. Həmçinin müvafiq Qanun rəqabət orqanı tərəfindən təbii inhisar subyektlərində aparılan yoxlamalara da şamil edilmir.

Ətraflı: https://president.az/az/articles/view/68509

 

Yüksəkixtisaslı miqrant statusunun qiymətləndirilməsi qaydası və meyarları təsdiq edildi

 

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən, yüksəkixtisaslı miqrantlar mütəxəssis olduqları sahə üzrə fəaliyyət göstərdikdə iş icazəsi almadan Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə əsasında əmək fəaliyyətinə cəlb oluna bilərlər.

Nazirlər Kabinetinin Qərarı ilə “Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi Qaydası” (“Qayda”) və “Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi meyarları” təsdiq edildi.

Həmin Qaydaya əsasən, əcnəbilərin müraciətlərinin qəbulu və cavablandırılması “bir pəncərə” prinsipi əsasında fəaliyyət göstərən “Yüksəkixtisaslı miqrant” sistemi vasitəsilə həyata keçirilir. Müraciətlər, təsdiq edilmiş meyarlara uyğun olaraq müəyyən edilmiş bal hədləri çərçivəsində qiymətləndirilir. Şəxsin yüksəkixtisaslı miqrant statusuna malik olduğunu təsdiq edən elektron sənəd isə 5 (beş) il müddətinə verilir.

Ətraflı: https://nk.gov.az/az/senedler/qerarlar/sexsin-yuksekixtisasli-miqrant-hesab-olunmasinin-q-8738
 

Elektron Hökumət İnformasiya Sistemi vasitəsi ilə təqdim olunan məlumatların siyahısı genişləndirilir

 

29 dekabr 2024-cü il tarixli Qanunu (“Qanun”) ilə 28 yanvar 2025-ci ildən etibarən vətəndaşlar və dövlət orqanları arasında məlumat mübadiləsi prosesini sürətləndirmək məqsədilə bir sıra Məcəllə və qanunlara yeni müddəalar əlavə edilmişdir. Qanuna əsasən, aşağıda sadalanan, lakin, bununla məhdudlaşmayan, bir sıra məlumatlar səlahiyyətli orqanlara Elektron Hökumət İnformasiya Sistemi vasitəsi ilə təqdim edilə bilər və bu, həmin sənədlərin özlərinin təqdim edilməsinə bərabər tutulur:
i. lisenziyada və icazədə, habelə onun əlavəsində göstərilən məlumatlar;
ii. kommersiya qurumları və publik hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında şəhadətnamədə, dövlət reyestrindən çıxarışda, nizamnamədə göstərilən məlumatlar;
iii. işçinin müraciəti əsasında ona vəzifəsi, qazancı barədə arayış, arxiv məlumatları, şəxsi sənədlərinin surətləri, habelə onun xüsusiyyətlərini xarakterizə edən xasiyyətnamə;
iv. müvəqqəti və daimi yaşamaq üçün icazə və iş icazəsində göstərilən məlumatlar;
v. daşınmaz əmlakın dövlət reyestri çıxarışında göstərilən məlumatlar;
vi. annuitet və icbari sığorta müqavilələrində göstərilən məlumatlar və s.
Qanunla ətraflı tanış olmaq üçün linkə keçid edə bilərsiniz: https://president.az/az/articles/view/68039

 

İxracatçılar və investorlar AZPROMO-nun yeni xidmətlərindən faydalana biləcəklər

 

Nazirlər Kabinetinin 22 yanvar 2025-ci il 11 saylı qərarına əsasən, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (“AZPROMO”) tərəfindən ixracatçılara və investorlara aşağıdakı xidmətlər göstəriləcəkdir:

• sahibkarların sorğusu əsasında beynəlxalq ticarət məlumatları üzrə araşdırmanın aparılması və potensial ixrac bazarları barədə məlumatların verilməsi;
• sahibkarların sorğusu əsasında Azərbaycan mənşəli məhsulların (xidmətlərin) təyinat ölkəsinə idxalına dair qaydalar haqqında məlumatların təqdim edilməsi;
• AZPROMO-ya məxsus əmtəə nişanlarından istifadə hüququnun verilməsi;
• investor və ixracatçıların sahibkarlıq fəaliyyətləri ilə bağlı hüquqi və fiziki şəxslərlə Azərbaycan Respublikasının dövlət orqanlarının (qurumlarının) nümayəndələri ilə əlaqələndirilməsi işinin təşkili.
Qərarla ətraflı şəkildə tanış olmaq üçün linkə keçid edə bilərsiniz: https://nk.gov.az/az/senedler/qerarlar/azerbaycan-respublikasinin-ixracin-ve-investisiyal-8582

Bunu faydalı hesab etdiniz?

Rəyiniz üçün təşəkkür edirik