power strip

Perspektivlər

Niyə koqnitiv hesablama risklərin idarə olunması prosesində həlledici rol oynayır?

Süni intellekt hesabına daha məntiqli qərarların verilməsi

Koqnitiv hesablama mexanizminin böyük həcmli verilənlərə tətbiq edilməsi müəssisələrə məlumatları daha tez emal etmək və daha ağıllı biznes qərarları vermək imkanı verir. Bundan əlavə, koqnitiv hesablama risklərin idarə olunması sahəsində də daha çox istifadə olunmağa başlamaqla, çoxmənalı və qeyri-müəyyən məlumatları emal edərək məlum və naməlum risk göstəricilərini tapmaqda yardımçı olur. Koqnitiv hesablamanın risklərin idarə olunması sahəsində tətbiq olunması ilə bağlı ətraflı məlumat aşağıda təqdim olunmuşdur.

Daha əhəmiyyətli və səmərəli biznes qərarları.

Şirkətlər və dövlət təşkilatları daxili və kənar məlumat bazalarından daha çox istifadə etməklə  riskləri qabaqlamaq üçün daha təsirli tədbirlər görmək imkanı əldə edir. Lakin, qeyd edildiyi kimi, məlumatların həcmi artdıqca,  məlumatların ənənəvi təhlil metodlarının effektivliyi azalır. Koqnitiv bacarıqlar, habelə maşın öyrənmə, təbii dilin emalı və digər koqnitiv texnologiya növləri ənənəvi analitik təhlillərin əvəzinə müasir alternativlər təklif edir və böyük həcmli məlumatlara tətbiq edilərək məlum və naməlum risk göstəricilərini aşkar etməyə kömək edir. 

Niyə koqnitiv hesablama texnologiyası günbəgün daha çox istifadəçinin diqqətini cəlb edir? Hamıya məlumdur ki, kompüterlər daima mexaniki hesablamaların öhdəsindən insanlardan daha yaxşı gələ bilmişdir. Lakin koqnitiv hesablamanı ənənəvi  hesablamadan fərqləndirən cəhət həmçinin onun öyrənmə qabiliyyətinin olmasıdır. Kompüterlər  insan təfəkkürünün və məntiqinin boz sahələri adlandırılan   işlərin öhdəsindən  çox vaxt  məharətlə gələ bilmir, lakin koqnitiv hesablama dövründə bu dəyişir. 

Koqnitiv hesablamalar srukturlaşdırılmamış məlumatların emalında və qiymətləndirilməsində  daha çox fayda verir. Strukturlaşdırılmamış məlumat dedikdə strukturlaşdırılmış sətirlərə və sütunlara daxil edilməsi çətin olan məlumat növləri nəzərdə tutulur. Təbii dilin emalı, semantik hesablama, əlyazmanın və təsvirin tanınması kimi  koqnitiv hesablama texnologiyaları təkmilləşmiş  alqoritmlərin köməyi ilə  strukturlaşdırılmamış məlumatları təhlil edərək ideyaları və hissləri formalaşdırır. İnternational Data Group-un 2015-ci ildə apardığı tədqiqatın nəticələrinə əsasən bugünkü gündə əldə edilən məlumatın təqribən 90 %-nin strukturlaşdırılmamış məlumat olduğunu nəzərə alsaq, deyə bilərik ki, koqnitiv hesablamaların tətbiqi şirkətlərə ön sıralarda yer almağa imkan verir. 

Məhz bu nöqtədə koqnitiv hesablama metodu risklərin idarə olunması funksiyası ilə kəsişir. Koqnitiv hesablama şirkətlərə baş verəcək mümkün riskləri, digər sözlə desək şirkət rəhbərlərinin ən çox ehtiyat etdiyi sahələri təhlükə altına qoyan faktorları, bu risklərin əhəmiyyətli zərərlərə və yaxud çox sayda xərclərə və ya vəsaitlərə səbəb olmadan əvvəl,  aşkar etməkdə və ölçməkdə yardımçı olur. Eyni zamanda, koqnitiv  hesablama metodologiyası şirkətlərə əmələ gələn digər tendensiyaları müəyyən etməyə, dəyərlərin artırılması ilə səciyyələnən risk və mənfəət nisbətlərini anlamağa, maliyyələşdirmə məsələləri ilə bağlı daha ağıllı qərarlar almağa və vəsaitləri daha rasional şəkildə bölüşdürməyə köməklik edir. 

Koqnitiv hesablamaların risklərin idarə olunmasında tətbiq edilməsi

Fırıldaqçılığın aşkar olunması məsələsinə diqqət yetirək.  Bu günə qədər fırıldaqçılıq halları müəssisənin strukturlaşdırılmış məlumatlarını kompüterlərin köməyilə qəbul edilmiş qaydalar əsasında təhlil etməklə aşkar edilərdi.  Məsələn, fırıldaqçılıqla mübarizə şöbəsinin mütəxəssisləri pul köçürmələri üçün  10 000 ABŞ dolları həcmində limit təyin edə bilərdi. Beləliklə, kompüter bu məbləği keçən hər hansı  əməliyyatı aşkar edərdi və əlavə araşdırmanın aparılması tələb olunardı. Yeganə problem ondan ibarət idi ki, strukturlaşdırılmış məlumatların belə təhlili həddindən artıq səhv aşkarlamalarla nəticələnirdi, və bu da, təbii olaraq, dərin araşdırma tələb edirdi. 

Koqnitiv hesablamaların tətbiqi ilə fırıldaqçılıqla daha sağlam və düzgün mübarizə modelləri təmin edilir. Məsələn, koqnitiv hesablama əsasında qurulmuş sistem hər hansı əməliyyatı potensial fırıldaqçılıq halı kimi aşkar edə bilər. Lakin əgər mütəxəssis bu əməliyyatın X,Y və Z səbəbindən fırıldaqçılıq olmadığını qeyd edirsə, kompüter insanların fikirlərini nəzərə alaraq, onlardan öyrənir. Gələn dəfə  o, analoji əməliyyatları aşkar etmir. Hər əməliyyatdan sonra kompüter daha da ağıllanır. Və bu böyük inqilabdır. 

Belə ki, koqnitiv hesablama əsasında fırıldaqçılığın aşkar olunması sistemi təkmilləşdikcə, aşkar edilməsi daha çətin olan fırıldaqçılıq hallarını aşkar edə bilir və sistemin bu üstünlüyü risklərin idarə olunmasına əhəmiyyətli  təsir göstərir. Koqnitiv texnologiyalar insanların aşkar etmək iqtidarında  olmadığı saxtakarlıq hallarını aşkar etməyə kömək edərək, mütəmadi olaraq yeni aşkar etmə modellərini yaradır və fırıldaqçıların  dayanmadan əl atdığı yeni fırıldaq əməllərinə  qarşı cavablandırıcı tədbirlərlə  səciyyələn bu proses  fasiləsiz olaraq dövr edir.

Koqnitiv hesablama üçün digər imkanlar

Koqnitiv hesablamanın imkanları risklərin aşkar olunması ilə məhdudlaşmır.  Daha geniş çərçivədə tətbiq olunan zaman, bu hesablamalar müəssisələrə insan intellektini sürətlə artırmağa imkan verir və insanlara tapşırıqları daha yaxşı yerinə yetirməkdə kömək edir. Məsələn, böyük həcmli, kiçik həcmli və strukturlaşdırılmamış verilənlərdə təsvirləri təhlil etməklə koqnitiv texnologiyalar insan davranışını aşkar edə bilir və fərdi tələblərə uyğunlaşdırılmış məhsul və xidmətlər üzrə seçim imkanları təklif edir. Avtomobil, səhiyyə, ticarət, şəxsi kapitalın idarə olunması sahəsində fəaliyyət göstərən şirkətlər  və hətta məhkəmə orqanları  belə bu texnologiyaları ilk qəbul edənlər arasındadır. 

İnternational Data Korporasiyasının məlumatına əsasən, analitiklər  2014 və 2015-ci illərdə koqnitiv texnologiyalara qoyulmuş 1 milyard ABŞ dolları həcmində investisiya ilə  müqayisədə koqnitiv həllərdən  2025-ci ilədək əldə ediləcək gəlir həcminin 60 milyard ABŞ dollarına çatacağını hesablamışdır. 

Bu mərhələdə, koqnitiv texnologiya hələ də strategiyaların və mümkün nəticələrin təklif edilməsinə istiqamət verən köməkçi alətdir, və  insan müdaxiləsində hələ də böyük ehtiyac var. Bununla belə,  insanlar və kompüterlər, bir araya gələrək, daha əvvəl mümkün olmayan işi birlikdə görməyi öyrənir. Son beş il ərzində Deloitte analitik potensialın artırılmasına küllü miqdarda vaxt, vəsait və mütəxəssis əməyi sərf etmişdir. Əldə etdiyimiz müsbət nəticələr müştərilərimizə strateji planlama və taktiki icra proseslərinə koqnitiv bacarıqlarını tətbiq etməyə, risklərin idarə olunması istiqamətində görülən tədbirlərin rəhbərliyin prioritetləri ilə daya yaxşı əlaqələndirməyə və həmçinin baş verəcək riskləri, onların şirkətin qısa və uzun müddətli fəaliyyət perspektivlərinə mənfi təsir göstərməsindən  əvvəl aşkar etməyə imkanı verir. Və bu yalnız başlanğıcdır.

Did you find this useful?